SİYASƏT
Bişkekdə Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən bəhs olunub
Bişkek, 28 may, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyi 28 May-Respublika Günü münasibətilə Bişkekdəki “Damas” otelində rəsmi qəbul keçirib.
Tədbirdə Qırğızıstan Prezidenti Aparatının və Hökumətinin üzvləri, parlamentin-Jokorku Keneşin deputatları, ölkədə akkreditə olunan səfirlər, ziyalılar, diasporumuzun fəalları, jurnalistlər iştirak ediblər.
Azərbaycan və Qırğızıstan dövlət himnləri səsləndikdən sonra ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edib.
Səfir bildirib ki, 98 il əvvəl, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika elan olunub. Lakin XX əsrin əvvəllərində dünyada və regionda hökm sürən mürəkkəb siyasi vəziyyət ölkəmizin müstəqilliyinin saxlanmasına imkan verməyib və cəmi 23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb.
Qeyd olunub ki, SSRİ dağılandan sonra, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşub. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, bu dövlətin bayrağını, gerbini və himnini qəbul edib.
Azərbaycan Xalq Cümhuriyyətini tariximizin ən parlaq səhifələrindən biri adlandıran H.Orucov deyib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkəmiz Ermənistanın təcavüzü ilə qarşılaşıb, torpaqlarımızın 20 faizi Etmənistan tərəfdən işğal edilib, 1 milyon insan öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Səfir məlumat verib ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da analoji qərarlar qəbul ediblər. Təəssüf ki, bu nüfuzlu beynəlxalq təşkilatların qərarları bu günədək icra olunmur.
Vurğulanıb ki, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət ulu öndər Heydər Əliyevin başladığı böyük işlərin davamıdır və ölkədə demokratik islahatların həyata keçirilməsi, sosial-iqtisadi inkişaf Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Səfir Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın genişlənməsi istiqamətində görülən işlərdən də danışıb. Qeyd edib ki, ölkələrimiz arasında bütün sahələrdə möhkəmlənən əməkdaşlıq əlaqələri prezidentlər İlham Əliyev və Almazbek Atambayevin həyata keçirdikləri uğurlu siyasətin prioritet istiqamətləridir.
Sonra Qırğız Respublikası xarici işlər nazirinin müavini Emil Kaykiyev çıxış edib. O, 1990-ci illərdə Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusilə qeyd edib və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlərdən danışıb. Emil Kaykiyev deyib ki, prezidentlərimiz tərəfindən aparılan uğurlu siyasi kurs nəticəsində Qırğızıstan-Azərbaycan münasibətləri strateji əməkdaşlıq mərhələsinə qədəm qoyub.
İştirakçılar Azərbaycanın tarixini, bugünkü inkişafını əks etdirən videomateriallara baxıb, həmçinin milli musiqimizi dinləyiblər.
Mərasim ziyafətlə davam edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek