İQTİSADİYYAT
Bişkekdə “Böyük İpək Yolu ölkələrində birgə inkişaf” adlı konfrans keçirilib
Bişkek, 28 noyabr, AZƏRTAC
Qırğızıstan Milli Strateji Tədqiqatlar İnstitutu ilə ölkə parlamenti -Joqorku Keneş tərəfindən Bişkekdə “Böyük İpək Yolu ölkələrində birgə inkişaf” mövzusunda konfrans keçirilib.
Tədbirdə Qırğızıstan ilə yanaşı, Azərbaycan, Rusiya, Çin, Hindistan, Əfqanıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən gələn ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri, Bişkekdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Konfransda İpək Yolu üzərində yerləşən ölkələrdə siyasət, təhlükəsizlik, mədəniyyət, humanitar və iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, sərmayə və s. inkişafının perspektivləri müzakirə edilib.
Qırğızıstan parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Kanıbek İmanaliyev bildirib ki, Böyük İpək Yolu ta qədimdən Avrasiya xalqlarının həyatında böyük rol oynayıb. Bu gün ABŞ, Rusiya, Çin, Türkiyə, Azərbaycan, İran və digər dövlətlər İpək Yolunun bərpası ideyası üzərində işləyir. Qeyd edilib ki, xalqlar İpək Yolu vasitəsilə təkcə ticarət əlaqələri qurmayıb, həm də ideyalarını bir-biri ilə bölüşüblər.
Konfransda iştirak edən nümayəndələr ölkələrində bu sahədə görülən işlər haqqında məlumat veriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek