SİYASƏT
Bişkəkdə MDB XİN-lərin konsul xidmətləri rəhbərlərinin Məsləhət Şurasının iclası keçiriləcək
Minsk, 25 may, AZƏRTAC
Mayın 26-da Bişkəkdə MDB iştirakçısı olan dövlətlərin xarici işlər nazirliklərinin konsul xidmətləri rəhbərlərinin Məsləhət Şurasının XXIII iclası keçiriləcək.
Birliyin Minskdəki qərargahından AZƏRTAC-a bildirilib ki, tədbirdə Şura haqqında Əsasnaməsinin təsdiq edilməsinə dair MDB xarici işlər nazirləri Şurasının Qərarını imzalamış bütün dövlətlərin nümayəndələrinin iştirakı gözlənilir.
İclasda 1963-cü il 24 aprel tarixli Konsul Əlaqələrinə dair Vyana Konvensiyasının müddəalarının yerinə yetirilməsi və ikitərəfli konsul konvensiyaları ilə əlaqədar məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Şura üzvləri “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar və 2002-ci il 7 oktyabr tarixli konvensiyalar, habelə “Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsinin çəkilməsi üçün verilməsi barədə” 1998-ci il 6 mart tarixli Konvensiya çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirəcəklər.
Bundan əlavə, iclasda MDB iştirakçı dövlətlərinin vətəndaşlara tibbi yardım göstərilməsi sahəsində qarşılıqlı əlaqələri müzakirə ediləcək, təbii fəlakət, fövqəladə hallar, terror hücumları və digər böhran vəziyyətlərində “qaynar nöqtələr”dən Birlik ölkələri vətəndaşlarının evakuasiya məsələləri üzrə ikitərəfli və çoxtərəfli əsasda təcrübə mübadiləsi aparılacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk