DÜNYA


Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Hökumət Başçıları Şurasının 15-ci yubiley iclası keçirilib

A+ A

Bişkek, 3 noyabr, AZƏRTAC

Bişkekdəki “Ala-Arça” Dövlət İqamətgahında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Hökumət Başçıları Şurasının 15-ci yubiley iclası keçirilib.

İclasda Hökumət Başçıları Şurasının sədri, Qırğızıstan Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekov, Rusiyanın, Qazaxıstanın, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Bakıtjan Saqinataev, Koxir Rasulzoda, Çin Dövlət Şurasının Baş naziri Li Kesyan, Özbəkistan Baş nazirinin birinci müavini Rüstəm Əzimov iştirak ediblər.

Tədbirə, həmçinin təşkilatda müşahidəçi statusu olan Belarusun, Əfqanıstanın, İranın, Pakistanın, Monqolustanın, habelə bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıblar.

Çıxış edən Sooronbay Jeenbekov ŞƏT-in üzvü olan ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ŞƏT-in İnkişaf Bankının və İnkişaf Fondunun yaradılması məsələsi bir nömrəli vəzifə kimi qarşıda durur. S.Jeenbekov bildirib ki, təşkilat çərçivəsində diqqət mədəni-humanitar, səhiyyə, təhsil, turizm və ətraf mühitin mühafizəsi kimi məsələlərin inkişafına yönəldilməlidir.

Dmitri Medvedev təşkilata üzv ölkələr arasında ticarət-iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb, növbəti iclasın 2017-ci ilin payızında Moskvada keçirilməsini təklif edib.

Sonra Bakıtjan Saqinataev, Koxir Rasulzoda, Li Kesyan və Rüstəm Əzimov çıxış edərək təşkilatın daha səmərəli işləməsi üçün təkliflərini veriblər.

Tədbirdə Pakistanın və Hindistanın ŞƏT-ə üzv qəbul olunması məsələləri də müzakirə edilib. Bildirilib ki, 2017-ci ildə bu ölkələr təşkilatın tamhüquqlu üzvü ola bilərlər.

İclasın yekunları ilə bağlı əməkdaşlığın genişləndirilməsi istiqamətində 13 sənəd imzalanıb.

Xatırladırıq ki, 2014-cü ilin iyulunda ŞƏT-in Ufa şəhərində keçirilən Zirvə görüşündə Azərbaycana bu təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.