DÜNYA
Bişkekdə keçirilən mitinqdə qarışıqlıq salan 68 nəfər saxlanılıb
Bişkek, 26 mart, АZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində sabiq deputat Sadır Juparovun təşəbbüsü ilə keçirilən mitinqdə qarışıqlıq salan 68 nəfər saxlanılıb.
Mitinq zamanı sabiq deputatın tərəfdarları milis işçilərinə hücum edib, onlara içərisində su olan şüşələr, daş və digər əşyalar atıblar. Nəticədə mülki şəxslərin və milis işçilərinin bir neçəsi müxtəlif xəsarətlər alıb.
Bişkek şəhər milis idarəsinin rəisi Samat Kurmankulov jurnalistlərə bildirib ki, xüsusi vasitələrdən istifadə etməklə mitinq dağıdılıb. Sabiq deputat Sadır Juparov da saxlanılıb.
Saxlanılanlar haqqında cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek