SİYASƏT
Bişkekdəki diasporumuz ermənilərin təxribatçı əməllərini pisləyib
Bişkek, 7 aprel, AZƏRTAC
Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi İdarə Heyətinin üzvləri, qurumun Ağsaqqallar Şurası, ölkədə təhsil alan azərbaycanlı və türk tələbələr ermənilərin Dağlıq Qarabağdakı təxribatlı ilə bağlı yığıncaq keçiriblər.
Bişkekdəki “Azəri” Mədəniyyət Mərkəzinin sədri, Əməkdar Hüquqşünas Əzizağa Əliyev son günlər ermənilərin Dağlıq Qarabağdakı təxribatları haqqında danışıb, Azərbaycan ordusunun inamlı qələbəsi haqqında söhbət açıb, bir sıra mövqelərimizin geri qaytarıldığını bildirib.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətmələri diasporumuzun üzvlərini ciddi narahat edir. Bu ölkədə məskunlaşan 20 minə yaxın həmvətənlərimiz bu məsələ ilə bağlı çox narahatdır. Diasporumuzun üzvləri istər ümummilli lider Heydər Əliyev, istərsə də Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin sülh, danışıqlar yolu ilə həll olunmasına yönəlmiş siyasətini daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Qırğızıstanın Əməkdar İnşaatçısı, II Dünya müharibəsinin iştirakçısı Əsəd Həsənov, professorlar Arif Qəmərli, Akif Rəfibəyov, tanınmış hüquqşünas Xaris Turna, Əməkdar Həkim Mirkazım Bəşirov, Qırğızreklamın direktoru Sultan Qasımov, “Türkel” Fondunun prezidenti Hökümə Xəlilova, jurnalist Ramiz Məşədihəsənli, pedaqoq Alla Qurbanova və başqaları çıxış edərək ermənilərin təxribatçı hərəkətlərini pisləyib, Azərbaycan torpaqlarının tam azad edilməsini tələb ediblər.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek