QAN YADDAŞI
“Biz soyqırımı və terrora yox deyirik!” layihəsi əsasında çəkilmiş film təqdim olunub
Bakı, 21 fevral, Aynur İsmayılova, AZƏRTAC
Fevralın 21-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin sədri Şamil Sabiroğlu 1992-ci il fevralın 25-dən 26-na keçək gecə sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandırıb.
Qeyd edib ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıblar. Xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən söhbət açılıb.
Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə dədə-baba yurdlarımıza qayıdacağımız gün uzaqda deyil və məhz həmin gün şəhidlərimizin ruhu rahatlıq tapacaq.
Tədbirdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi təşəbbüsü ilə “Biz soyqırımı və terrora yox deyirik!” layihəsi əsasında çəkilmiş filmin təqdimatı keçirilib. Filmin ssenari müəllifi Zərnişan Azayeva, rejissoru Nazim Məmmədov, ideya rəhbəri Şamil Sabiroğludur.