MƏDƏNİYYƏT


“Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “Qatil” filminin nümayişinə başlanılır

Bakı, 7 fevral, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi olan “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində fevralın 9-da “Qatil” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, Xalq Yazıçısı Elçinin eyniadlı pyesinin motivləri əsasında Kamran Şahmərdanın lentə aldığı “Qatil” filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan mədəniyyət evində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının “Facebook” səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur.

Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.