CƏMİYYƏT


Biznes jurnalistikası layihəsi çərçivəsində təlimlərə start verilib

Bakı, 23 dekabr, AZƏRTAC

"British Council"ın "PAŞA Bank" ilə birgə həyata keçirdiyi biznes jurnalistikası layihəsi çərçivəsində təlimlər başlanıb.

"British Council"dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində seçilmiş 12 jurnalist növbəti aylar ərzində peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlər keçəcəklər. Jurnalistlər hər biri 5 gün olmaqla, ümumilikdə, Bakıda üç təlim sessiyalarında və sonda Birləşmiş Krallıqda bir həftəlik təlim səfərində iştirak edəcəklər. Layihə Birləşmiş Krallığın dünya üzrə tanınmış media təşkilatı "Thomson Foundation" ilə birgə həyata keçirilir.

Biznes jurnalistikası layihəsi "British Council" və "PAŞA Bank" ilə birgə artıq altı ildir ki, həyata keçirilir və bu müddət ərzində Azərbaycanın 60-a yaxın jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak edib. Bu il layihə çərçivəsində Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 12 jurnalist layihədə iştirak üçün seçilib. Bu jurnalistlər xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçəcək, eləcə də Birləşmiş Krallığın görkəmli jurnalistləri ilə görüşəcək və qabaqcıl media təşkilatlarına səfər edəcək. Layihə çərçivəsində ilk təlimlər dekabrın 10-14-də uğurla həyata keçirilib. Növbəti təlimlər 2017-ci ilin yanvar ayında təşkil ediləcək.

Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın "Thomson Fondu" ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.