İQTİSADİYYAT


Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün komissiya yaradılıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanda sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabət qabiliyyətliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib.

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Komissiya və Komissiyanın Katibliyinin yaradılması haqqında imzaladığı Sərəncam da bu tədbirlərin davamıdır.

Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, üzvləri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayevdir. Komissiyanın Katibliyinin rəhbəri Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılovdur. Komissiya on gün müddətində Sərəncamda qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, Katibliyi formalaşdıracaq.

Bundan başqa, Komissiya üç ay müddətində mövcud qanunvericilik bazasının və inzibatçılığın ekspertizasını həyata keçirərək ölkənin investisiya cəlbediciliyinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsinə dair təkliflərini və tədbirlər planının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Sərəncama əsasən, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Komissiya tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna bilər. Bundan başqa, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar da yaradıla bilər.

Sərəncam ölkəmizdə dövlət-sahibkar münasibətlərinin, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması sahəsində müstəsna əhəmiyyətə malikdir.

Eyni zamanda, biznes mühiti sahəsində aparılan islahatların effektiv koordinasiyası və səmərəli təşkili təmin ediləcək. Bununla qəbul edilən qərarların daha çox inklüziv və çevik olmasına nail olunacaq. Elektron dövlət xidmətləri göstərilən sahələrin əhatə dairəsi genişləndiriləcək. Ümumilikdə isə Azərbaycanın biznes və investisiya mühiti xarici və yerli investorlar və sahibkarlar üçün daha cəlbedici hala gələcək. Məhz Komissiyanın fəaliyyəti ölkəyə xarici investisiyaların cəlbində, ixracın artırılmasında və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasında müstəsna rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.