DÜNYA
“Blippar” əlavəsində yeni funksiya istifadəyə verilib
Bakı, 19 iyul, AZƏRTAC
“Blippar” əlavə reallıq proqramında istifadəçinin sifətini onun haqqında informasiya mənbəyinə çevirən “Halos” funksiyası istifadəyə verilib. Yeni funksiya sayəsində istifadəçilər şirkətin serverlərinə özləri haqqında istənilən məlumatı yükləyərək başqalarının yararlanmasına imkan yarada bilərlər.
AZƏRTAC “theRunet” resursuna istinadən xəbər verir ki, əvvəlcə istifadəçidən kamera vasitəsilə öz portretini skan edərək onu “Blippar” serverlərinə yükləmək tələb olunur. Bundan sonra istifadəçi ona özü haqqında məlumatları (məsələn, sevimli ifaçılar, xoşladığı “Twitter” şərhləri, “YouTube” videoları) əlavə edə bilər. Daha sonra istifadəçiyə kameranı yönəldən şəxs əlavəni açmaqla bu informasiyanı görmək imkanı əldə edəcək. Məlumatlar istifadəçinin başı üzərində işıqlı forma yaradan köpüklərdə göstəriləcək.
“Bu özünüifadə üçün unikal üsuldur. Biz insanları sifətlərinə görə identifikasiya edirik, yeni funksiya isə onun rəqəmli analoqudur”, - deyə “Blippar” rəhbəri Ambariş Mitra vurğulayıb.
“Blippar” yeni funksiyadan kommersiyada istifadəni və texnologiyanı kənar şirkətlərə satmağı planlaşdırır. Şirkət rəhbərinin fikrincə, “Halos” bank sahəsinin nümayəndələri üçün cəlbedici olacaq.