DÜNYA
Bloomberg: Neftin bahalaşması ABŞ-da yanacaq ehtiyatının azalması ilə bağlıdır
Bakı, 6 may, AZƏRTAC
Bloomberg agentliyinin məlumatına əsasən, ABŞ-ın yanacaq ehtiyatının azalması barədə xəbərlərin fonunda neftin qiymətləri artmaqda davam edir.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, Londonun ICE Futures birjasında brent markalı neftin İyun fyuçerslərinin qiyməti 1,18 faiz bahalaşaraq barreli 68,32 dollara satılıb. Nyu-Yorkun əmtəə birjasında (NYMEX) isə WTI markalı neftin barrelinin qiyməti 1,64 faiz artaraq 61,39 dollarda qərarlaşıb.
Mütəxəssislərin fikrincə, neftin qiymətində müşahidə olunan inamlı artım ABŞ-da yanacaq ehtiyatının azalması ilə bağlıdır. Belə ki, Amerika Neft İnstitutunun məlumatına əsasən, Birləşmiş Ştatların yanacaq ehtiyatları səkkiz həftə ərzində ilk dəfə olaraq 1,5 milyon barrel azalıb. NYMEX-in hərraca çıxardığı neftin saxlanıldığı Kuşinq terminalının ehtiyatı isə keçən həftə 336 min barrel aşağı düşüb.
Bundan başqa, ABŞ-da aktiv qazma buruqlarının sayı da 2010-cu ilin sentyabr ayından bəri minimal səviyyəyə enib.