İQTİSADİYYAT


“Bloomberg”: Noyabrın 28-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin iclası baş tutmayacaq

A+ A

Bakı, 26 noyabr, Nihad Budaqov, AZƏRTAC

Noyabrın 28-də Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin ikinci iclası baş tutmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Buna səbəb Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi olub.

Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.

İclasda ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlər müzakirəsi planlaşdırılırdı.

Qeyd edək ki, iclasda Azərbaycanı energetika naziri Natiq Əliyevin təmsil etməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, sentyabrın 28-də OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5-33 milyon barrel səviyyəsində “dondurulması” barədə ilkin razılıq əldə edilib, oktyabrın 29-da isə OPEC və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirilib. Yekun qərarın noyabrın 30-da OPEC-in Nazirlər Şurasının iclasında qəbul edilməsi üçün Əlcəzair sazişində qeyd olunan rəqəmin üzv dövlətlər arasında bölüşdürülməsi, “Yol xəritəsi”nin müəyyənləşdirilməsi barədə razılıq əldə olunması məqsədilə Yüksək Səviyyəli Komitənin 2-ci iclasının keçirilməsinə qərar verilib.

Xatırladaq ki, Azərbaycan dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.