İQTİSADİYYAT
Bojidar Lukarski: Azərbaycanla Bolqarıstanın yerləşdiyi coğrafi ərazi investisiya qoyuluşuna stimulu artırır
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan və Bolqarıstan respublikaları arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, energetika, təhsil, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq münasibətləri dostluq və qarşılıqlı etimad şəraitində ilbəil genişlənir. Müxtəlif sahələrdə qurulan əlaqələr, eləcə də Azərbaycanın beynəlxalq standartlara uyğun qanunvericilik bazası bu əməkdaşlığın inkişafına layiqli töhfə verib.
Nazir vurğulayıb ki, Azərbaycan və Bolqarıstan respublikaları arasında son 5 ildə ticarət dövriyyəsi təqribən 1,5 milyard ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, hər iki ölkənin səyləri nəticəsində bu göstəricinin artırılması üçün münbit şərait mövcuddur.
Bolqarıstan Respublikasının nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Bojidar Lukarski ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bildirib ki, ölkələrimiz ənənəvi dostluq əlaqələrinə malik olmaqla yanaşı, Azərbaycan həm də Bolqarıstanın mühüm strateji tərəfdaşıdır. Hər iki respublikanın yerləşdiyi coğrafi ərazi əlverişli biznes mühiti yaratmaqla, investisiya qoyuluşuna stimulu artırır. Bolqarıstan tərəfi Azərbaycanın bu ölkəyə investisiyası yatırmasında çox maraqlıdır. Bolqarıstan isə Azərbaycana meyvə-tərəvəz və onunun emalı üzrə texnoloji xətlərin və tibbi kosmetik preparatların ixracını genişləndirmək niyyətindədir.
Bolqarıstanlı nazir Bakıda keçirilən biznes forumun bu əməkdaşlığa güclü təkan verəcəyinə ümidvar olduğunu bildirib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev, energetika nazirinin müavini Gülməmməd Cavadov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, təhsil nazirinin müavin Firudin Qurbanov və digərləri Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyətinin ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd olunub ki, Bolqarıstanın iş adamları Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatıra bilərlər. Azərbaycanda sənaye parklarının yaradılması, energetika, təhsil və turizmin inkişafı, həmçinin üçüncü ölkələrə ixracı nəzərdə tutan müştərək müəssisələrin təşkili, tranzit yüklərin daşınması və digər sahələrdə birgə əməkdaşlıq perspektivləri çox yüksəkdir.
Sonda Azərbaycanla Bolqarıstanın Ticarət Sənaye Palataları arasında Niyyət Protokolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Liman İnfrastrukturu şirkəti arasında Memorandum, həmçinin Azərbaycan və Bolqarıstan respublikaları arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.