REGİONLAR
Boks üzrə Naxçıvan şəhər birinciliyində 80-ə yaxın idmançı qüvvəsini sınayıb
Naxçıvan, 17 yanvar, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək, yarışın keçirilməsində məqsədin yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları boks idman növünə cəlb etməkdən ibarət olduğunu bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançılara məlumat verərək, onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək, Ordubad, Kəngərli və Şahbuz rayonlarının idmançıları da iştirak ediblər.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 17 çəki dərəcəsində 80-ə yaxın idmançı qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən görüşlərdə Heydərəli Əliyev, Hüseyn Məmmədzadə, İlkin Baxşıyev, Hüseyn Hüseynov, Həsən Hüseynov, Çingiz Qasımov, Nizami Novruzov, Ülvi Süleymanov, Ümid Abbasov, Ayxan Süleymanov, Yusif Əliyev, Kənan İbrahimli, Sənan İbrahimli, Kamran Allahverdiyev, Ülvi İbrahimov, Abbas Fərəcli və Teymur Hacızadə öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adına layiq görülüblər.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.