İDMAN
Boks üzrə dünya çempionatına yol qitə birinciliyindən keçəcək
Bakı, 30 may, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 14-dən 26-dək Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi dünya çempionatındakı təmsilçilərin adlarına aydınlıq gətirəcək.
Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına seçim sisteminə əsasən “köhnə qitə”dən mundiala yollanacaq boksçular yalnız Xarkovda müəyyənləşəcək. Qaydalara görə, dünya çempionatında iştirak hüququ 5 qitənin birinciliyində veriləcək.
Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 boksçu olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəki dərəcəsində 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yeri Beynəlxalq Boks Federasiyası (AİBA) müəyyənləşdirib, həmin boksçuya “wild card” verəcək. Digər 26 iştirakçı isə qitə çempionatları arasında bölüşdürülüb.
Ən çox yer Avropa çempionatına verilib ki, “köhnə qitə” hər çəki dərəcəsində 8 idmançı ilə təmsil olunmaq hüququna malikdir. Bu isə o deməkdir ki, Xarkovda 1/4 finala çıxacaq hər bir boksçu mundiala vəsiqəni təmin edəcək. Yığmamızın dünya çempionatındakı iştirakçıları da Avropa birinciliyində yarımfinalın 1 addımlığınadək irəliləyəcək boksçulardan ibarət olacaq. 1/4 finala yüksəlməyən idmançılar isə “wild card”a ümid edəcəklər.
Dünya çempionatındakı digər yerlər 4 qitə arasında bölüşdürülüb. Asiya və Amerikanın hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, milli komandamız Avropa çempionatına 10 boksçu ilə yollanacaq.