İDMAN
Boks üzrə gənclər arasında Avropa çempionatında iki idmançımız finala yüksəlib
Bakı, 28 noyabr, S.Allahverdiyeva, AZƏRTAC
Polşanın Kolobjek şəhərində keçirilən boks üzrə gənclərin Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, boksçularımızdan ikisi finala yüksəlməklə ən azı gümüş medalı özləri üçün təmin ediblər.
Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov yarımfinaladək uğurla irəliləyib. Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançısı Alen Danielyan olub. R.Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda boksçumuzun rəqibi irlandiyalı Stefan Makkenan olacaq.
Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Elməddin İsmayılov yarımfinalda almaniyalı boksçu Denis Qaşi ilə qarşılaşıb. Gərgin keçən görüş Almaniya idmançısının qələbəsi ilə yekunlaşıb. Bununla da, E.İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub.
İsmayıl Hüseynov (69 kq) isə yarımfinala qədər bütün rəqiblərini məğlub edərək həlledici mərhələyə yüksəlib. Burada boksçumuz irlandiyalı idmançı Maykl Nevinlə üz-üzə gəlib. Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb və o, finala adlayıb. Qızıl medal uğrunda görüşdə Azərbaycan boksçusu yerli idmançı Sebastian Viktorzak ilə qarşılaşacaq.