İDMAN
Boksçularımızın 4-cü, Azərbaycanın 19-cu qızıl medalını Albert Səlimov qazandı VİDEO
Bakı, 27 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
Azərbaycan boksçuları iyunun 27-də birinci Avropa Oyunlarında özlərinin 4-cü, milli komandamızın 19-cu qızıl medalını qazanıblar.
AZƏRTAC xəbər verir ki, boks yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Albert Səlimov gərgin keçən final qarşılaşmasında fransalı Sofian Umianı 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallar polşalı Mateuş Polski və irlandiyalı Şon Makkomba qismət olub.
Fəxri kürsüdə yer alan idmançılara medalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Qalib idmançının şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
A.Səlimov birinci Avropa Oyunlarında qələbəyə gedən yolda bütün rəqiblərinə tam üstünlüklə - 3:0 hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda Gürcüstan idmançısı Otar Eranosyanı, dörddəbir finalda bolqarıstanlı Elian Dimitrovu, yarımfinalda isə irlandiyalı Şon Makkombu mübarizədən kənarlaşdırıb.
AZƏRTAC-ın arayışı: İyirmi doqquz yaşlı Albert Səlimov idman karyerasına 1999-cu ildə başlayıb. O, “Baku Fires” klubunun heyətində dünya üzrə silsilə boks yarışlarının iştirakçısı olub.
Olimpiya Oyunlarının çempionu olmağı qarşısına məqsəd qoyan A.Səlimovun şəxsi məşqçisi Nuripaşa Talıbovdur.