İDMAN
Boksçumuz Abdulqadir Abdullayev Azərbaycanın 21-ci qızıl medalını rəsmiləşdirib VİDEO
Bakı, 27 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
Boksçumuz Abdulqadir Abdullayev Azərbaycanın birinci Avropa Oyunlarında 21-ci qızıl medalını rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, 91 kiloqram çəki dərəcəsində final görüşündə azərbaycanlı Abdulqadir Abdullayevin rəqibi ukraynalı Gevorq Manukyan zədə səbəbindən rinqə çıxmayacaq. Belə olan halda qızıl medal birbaşa olaraq Azərbaycan idmançısının aktivinə yazılıb.
Bu çəki dərəcəsində bürünc medalları rusiyalı Sadam Maqomedov və xorvatiyalı Yosip Bepo Filip əldə ediblər.
Qaliblərə medalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Çempionun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
Abdulqadir Abdullayev birinci Avropa Oyunlarında keçirdiyi bütün görüşləri 3:0 hesablı qələbə ilə başa vurub. Finala gedən yolda o, Macarıstan təmsilçisi Adam Hamorini, Fransa idmançısı Pol Omba Bionqolonu və rusiyalı atlet Sadam Maqomedovu məğlub edib.
AZƏRTAC-ın arayışı: 27 yaşlı Abdulqadir Abdullayev idman karyerasına 2004-cü ildə başlayıb. Dünya üzrə silsilə boks yarışlarının iştirakçısı olan “Baku Fires” klubunun üzvü A.Abdullayevin şəxsi məşqçisi Maqomed Aripqadjiyevdir.