QAN YADDAŞI
Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılır
Qax-Şəki-Balakən, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü respublikamızın bölgələrində də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları, əmək kollektivlərinin nümayəndələri, sadə vətəndaşlar səhər saatlarından axın-axın Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz ruhu qarşısında baş əyiblər.
YAP rayon təşkilatında keçirilən anım tədbirində çıxış edənlər 20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etdirib. Natiqlər hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildiriblər.
Tədbirin sonunda qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.
x x x
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərindəki Şəhidlər xiyabanında şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər toplantısı keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu vurğulayıblar. Bildirilib ki, həmin faciəli günlərdə öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Vurğulanıb ki, Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını hər zaman yüksək qiymətləndirir, azadlığa və müstəqilliyə qovuşmaq üçün canlarından keçən qəhrəman oğul və qızları ilə daim fəxr edir.
Həmin gün şəhərdəki Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
x x x
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü Balakən rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi silsilə tədbirlərlə qeyd olunub. Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.