REGİONLAR


Bölgələrdə Qurban bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunub

A+ A

Lerik, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 12-də Lerikdə Qurban bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi meydanında keçirilən tədbirdə idarə, təşkilat və müəssisələrin rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini təbrik edərək bildirib ki, Qurban bayramı müsəlman aləmində ən gözəl bayramlardan biridir.

Bayramla əlaqədar ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini vurğulayan R.Bağırov, rayonda keçirilən mərasimlərdə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da firavan yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin xatirəsinin ehtiramla yad olunduğunu diqqətə çatdırıb.

Mərasimdə qurbanlar kəsilib, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibələri iştirakçılarına, imkansız ailələrə, ümumilikdə, 550 ailəyə bayram sovqatı verilib.

X X X

Yardımlı, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda müqəddəs Qurban bayramı ilə əlaqədar 700 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, ərazi icra və bələdiyyələrin nümayəndələri şəhid ailələrini, xüsusi qayğıya ehtiyacı olan ahıl, əlil və kimsəsizləri Qurban bayramı münasibətilə təbrik edib, bayram sovqatı ilə onları sevindiriblər.

Aztəminatlı ailələrin nümayəndələri göstərən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

X X X

Ağcabədi, 12 sentyabr, AZƏRTAC

İslam dünyasının ən əziz bayramlarından olan Qurban bayramı hər il Ağcabədidə geniş qeyd olunur. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlar, iş adamları, xeyriyyəçilər tərəfindən qurbanlar kəsilir, Ağcabədi şəhərində, rayonun qəsəbə və kəndlərində yaşayan imkansız ailələrə paylanılır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Qurban bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Mərasimdə çıxış edənlər tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq ifadəsinə və təcəssümünə çevrilir.

Mərasimdə bayramın fəzilətlərindən danışılıb, dualar oxunub.

Bayram münasibətilə 3 iribuynuzlu mal, 178 qoyun kəsilərək, 5 tondan artıq ət rayondakı hərbi hissələrə, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, Qarabağ və Böyük Vətən müharibələri əlillərinə, şəhid ailələrinə paylanılıb.

Həmin gün Ağcabədi şəhərindəki Gənclər Mərkəzində rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə fiziki imkanları məhdud uşaqları üçün bayram tədbiri də keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirdə çıxış edərək, Qurban bayramı münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıb.

Bayram tədbiri Üzeyir Hacıbəyli adına şəhər incəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin kollektivinin hazırladığı əyləncəli proqramla davam edib.

Sonda uşaqlara bayram payı verilib. Bu müqəddəs gündə qayğıya ehtiyacı olan uşaqlar da bayram sevinci yaşayıblar.

X X X

Zaqatala, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müqəddəs Qurban bayramı münasibətilə Zaqatala rayonunda 1200-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı – qurban əti paylanılıb.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər.

Vətəndaşlar göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildiriblər.

X X X

Göyçay, 12 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində heyvanlar kəsilib, ehtiyacı olan insanlara qurban əti paylanılıb.

Bayram tədbirində rayon icra hakimiyyətinin rəhbər şəxsləri sakinləri müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Bildirilib ki, ölkəmizdə Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. Xalqımız həmişə milli mənəvi dəyərlərə böyük ehtiramla yanaşır. Bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzi olan Qurban bayramı insanları bir-birinə yaxınlaşdırır, onlara yüksək keyfiyyətlər bəxş edir. Bu müqəddəs günlərdə Allahın adına qurbanlar kəsilir, insanlar dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edir, şəhidlərimizin xatirəsi ehtiramla yad olunur.

Rayon icra hakimiyyəti tərəfindən 1100-dən çox ailəyə, o cümlədən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, məcburi köçkün ailələrinə, kimsəsizlərə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban əti paylanılıb.

Xeyriyyə aksiyasına rayonun iş adamları da qoşulublar.

X X X

Şəmkir, 12 sentyabr, AZƏRTAC

Qurban bayramı xalqımızın öz tarixi kökünə və milli dəyərlərinə sıx bağlılığını nümayiş etdirir, eyni zamanda, cəmiyyətimizdə mənəvi həmrəyliyi, tolerant və multikultural ənənələri daha da gücləndirir. Cəmiyyətimizdə humanizm duyğularını daha da gücləndirən Qurban bayramı mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, bu ənənəyə sadiq olaraq Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, Böyük Vətən müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrə, tənha və imkansızlara, ümumilikdə, 1200-dən çox ailəyə qurban payları verilib.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.