CƏMİYYƏT
Bölgələrdə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri iyulun 30-da Şabran rayonunun Dağbilici kənd dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində keçirilib.
Dağbilici kənd məscidi dini icmasının sədri, layihə rəhbəri Şöhrət Nuriyev “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirib ki, Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı əsasında maliyyələşən layihə çərçivəsində milli mənəvi dəyərlərin gənclər arasında təbliği, radikalizmin qarşısını almaq məqsədilə dini maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri E. Nurullayev çıxış edərək dövlətin dinə dəstəyindən, dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin dini icmalara ayrılan vəsait hesabına həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib.
Layihə çərçivəsində mütəxəssislər “Ümummilli lider Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” və layihəyə uyğun mövzularla bağlı çıxışlar ediblər.
* * *
Şabran rayonundakı Zeyvə kənd dini icmasının həyata keçirdiyi “Gənc nəslin tərbiyəsində milli mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı layihə çərçivəsində tədbirlərə start verilib.
Zeyvə kənd məscidi dini icmasının sədri, layihə rəhbəri Şaib Aslanov “Gənc nəslin tərbiyəsində milli mənəvi dəyərlərimizin əhəmiyyəti” layihəsinin məqsəd və vəzifələri haqqında məlumat verib.
DQİDK-nın Quba bölgəsi üzrə əməkdaşı R. Xudayev çıxış edərək dövlətin dinə dəstəyindən, dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin dini icmalara ayrılan vəsait hesabına həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib.
* * *
Lənkəranın Nərimanabad qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının həyata keçirdiyi “Narkomaniya və digər zərərli vərdişlərdən uzaq olaq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
“İmam Hüseyn” məscidi dini icmasının sədri Abuzər Kərimov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov həyata keçirilən layihənin önəmindən söhbət açıb. O, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq və layihələr çərçivəsində cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək.
Ekspert qismində tədbir iştirakçıları qarşısında çıxış edən DQİDK-nın əməkdaşı Mahir Qəniyev əsrin bəlası hesab edilən narkomaniyanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıb.
QMİ-nin Lənkəran rayonu üzrə səlahiyyətli nümayəndəsi və bölgə qazısı Hacı Qəni Axundzadə gənclərimizin narkotikdən və zərərli vərdişlərdən uzaqlaşdırılması üçün belə tədbirlərin çox önəmli olduğunu vurğulayıb. O, dini icmalara ayırdığı diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
* * *
Astara rayonunun Şüvi kəndi Cümə məscidi dini icmasının həyata keçirdiyi “Milli mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Cümə məscidi dini icmasının sədri Baxşıyev Mahmud layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək. Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov layihənin əhəmiyyətindən danışıb.
“Milli mənəvi dəyərlərimiz və müasirlik”, “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”, “Milli kimliyimiz milli mənəvi dəyərlərimizin bir parçasıdır”, “Dinə dövlət qayğısı”, “Müqəddəs ailə dəyərləri” mövzuları üzrə məruzələr dinlənilib.
* * *
Lerik rayonunun Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi “Gənclər və milli mənəvi dəyərlər” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Lerik rayonunun Monidigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək.
Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov keçirilən layihənin əhəmiyyətindən danışıb.
Lerik rayonunun Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev gənclərimizin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi, İslama yad əqidələrin təsiri altına düşməməsi üçün belə tədbirlərin çox önəmli olduğunu vurğulayıb.
* * *
Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmə və yad təsirlərə qarşı milli mənəvi dəyərlərimizin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Dini icmanın sədri İsabala İbadov deyib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər təşkil olunacaq.
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Prezidentin dini icmalara dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan daha bir qayğısı kimi dəyərləndirib. Ekspert qismində çıxış edən DQİDK-nın əməkdaşı Mahir Qəniyev narkomaniyanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıb.
QMİ-nin Lənkəran rayonu üzrə səlahiyyətli nümayəndəsi və bölgə qazısı Hacı Qəni Axundzadə gənclərimizin narkotikdən və zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından belə tədbirlərin əhəmiyyətini qeyd edib.
* * *
Astara rayonu Şahağac kənd məscidi dini icmasının həyata keçirdiyi “Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Şahağac kənd məscidi dini icmasının sədri Əsədov Nazim bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində də tədbirlər həyata keçiriləcək.
* * *
Astara rayonu Pensər kəndi “Hacı Teymur” Cümə məscidi dini icmasının həyata keçirdiyi “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi2 layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə “Vəhdət naminə məzhəblərarası dialoq”, “Azərbaycan milli kimliyi”, “Müsəlmanların əsas vəzifələri ortaq dini dəyərlər ətrafında birləşməkdir”, “Tolerantlıq və dini dözümlülük anlayışı” mövzularında məruzələr dinlənilib.
* * *
Astara rayonu Sığaloni kənd məscidi dini icmasının həyata keçirdiyi “Gənclər arasında ənənəvi dindarlığın təbliği və dini radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Dini icmanın sədri Mahmudov Bahadur layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumatların verilməsi, eləcə də bir sıra sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək.