REGİONLAR
Bölgələrdə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb
İsmayıllı-Şamaxı-Qobustan, 30 aprel, AZƏRTAC
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin növbəti məşğələsi görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, məşğələdə rayon ziyalıları, həkimlər, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Mərkəzdəki rəssamlıq dərnəyində təşkil edilən rəsm həvəskarlarının əl işlərindən ibarət “İşıqlı ömür yolu” adlı sərgi ilə tanış olublar. Sonra oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Məşğələdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, görkəmli alim oftalmologiya elminin inkişafında misilsiz xidmətlər göstərməklə yanaşı, yüksəkixtisaslı gənc kadrların hazırlanmasına da əvəzsiz töhfələr verib.
Çıxış edənlər Zərifə xanım Əliyevanın keçdiyi həyat yolunun gənclərimiz üçün örnək olduğunu vurğulayıblar.
Məşğələdən sonra Mərkəzin foyesində yerli musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.
X X X
Şamaxıdakı Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə xanım Əiyevanın anadan olmasının 94 illiyi münasibətilə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Mirzə Ələkbər Sabirin ev-muzeyinin əməkdaşları Aytəkin Əliyeva, Aybəniz Məmmədova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Məhəmməd Əliyev, rayon mərkəzi kitabxanasının əməkdaşı Şəfəq Tağıyeva Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu və elmi fəaliyyəti barədə ətraflı danışıblar. Qeyd olunub ki, Zərifə xanım təkcə oftalmologiya elminə verdiyi töhfələrlə yox, həm də səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hər kəsin hörmətini qazanmışdı.
“Dəyirmi masa”nın sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
X X X
Qobustan rayon Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edənlər görkəmli oftalmoloq-alimin elmi fəaliyyəti barədə ətraflı məlumat veriblər. Vurğulanıb ki, görkəmli alim Zərifə Əliyeva 10-a yaxın əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 200-ə yaxın elmi işin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifidir.
Çıxışlarda Zərifə xanımın oftalmologiya elminin inkişafındakı fəaliyyətinin, xüsusilə traxoma əməliyyatının aparılması ilə əlaqədar elmi axtarışlarının bu sahənin inkişafına böyük təkan verdiyi qeyd olunub.
Tədbirdə Zərifə Əliyevanın həyat və faəliyyətinə həsr olunan film nümayiş etdirilib.
Sonda məktəblilərin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.