ELM VƏ TƏHSİL
Bölgələrdə ixtisasartırma təlimlərində iştirak etmiş müəllimlərin yekun qiymətləndirilməsinə başlanılıb
Bakı, 13 may, AZƏRTAC
Bölgələrimizdə ixtisasartırma təlimlərində iştirak etmiş, Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimlərinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən yekun qiymətləndirilməsinə başlanılıb.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən təşkil olunmuş 120 saatlıq ixtisasartırma təlimlərində Hacıqabul, Xaçmaz, Saatlı, Sabirabad, İmişli, Masallı, Cəlilabad, Şirvan və Gəncə olmaqla doqquz bölgədə çalışan 3500 müəllim iştirak edib.
İyunun 5-dək davam edəcək yekun imtahanlarına qatılan müdavimlərə müvafiq sertifikatlar təqdim olunur. İmtahanlarda müəllimlər iki saat ərzində onlara ixtisasları üzrə təqdim olunan 60 suala cavab verirlər.