REGİONLAR


Bölgələrdə son zəngin həyəcanı yaşanıb VİDEO

Ağsu, 14 iyun, AZƏRTAC

İyunun 14-də səhər saatlarında Ağsu rayonunun qabaqcıl tədris müəssisələrindən olan A.Nadirov adına şəhər 1 nömrəli məktəb-liseydə duyğulu anlar yaşanıb. Belə ki, bayramsayağı bəzədilən məktəb-liseydə dərs ilinin başa çatması münasibətilə son zəng çalınıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə rayon rəhbərləri, valideynlər, məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər. Çıxışlarda vurğulanıb ki, cari tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini 605 nəfər, IX sinfini isə 959 nəfər bitirir. Hazırda 35 tam orta, 18 ümumi orta məktəbdə son zəng mərasimləri keçirilir. 1 nömrəli məktəb-liseyin təhsil sahəsindəki uğurlarından danışılaraq qeyd edilib ki, bu il tədris ocağının 12 məzunu ali məktəblərə daxil olub.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimdə çıxış edərək müəllimləri, XI sinif şagirdlərini və valideynləri son zəng, habelə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, məzunlara həyatda uğurlar arzulayıb.

Şagirdlər şeir, mahnı və rəqslər ifa ediblər.

Sonda son zəng çalınıb, kövrək hisslər keçirən XI sinif şagirdləri müəllimlərindən və doğma məktəbdən ayrılıblar.

X X X

Kürdəmir şəhər S.Paşayev adına şəhər 6 nömrəli tam orta məktəbdə də son zəng tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, bu sahədə Kürdəmirdə həyata keçirilən layihələrdən danışıb.

Sonra məktəbin direktoru Elmira Süleymanova, valideynlər və qonaqlar onbirinciləri təbrik edib, onlara müstəqil həyatda uğurlar arzulayıblar.

Mərasimdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olunub.

Daha sonra məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin rəmzi açarını onunculara verib, builki birincilərə hədiyyələr təqdim ediblər.

X X X

İsmayıllı məktəblərinin məzunları da bu günlərdə müstəqil həyata qədəm qoyurlar.

AZƏRTAC xəbər verir ki, iyunun 14-də Basqal qəsəbə tam orta məktəbində keçirilən son zəng tədbirində İsmayıllı şagirdlərinin nailiyyətlərindən danışılıb. Qeyd olunub ki, hər il ali məktəbə sənəd verən tam orta məktəb məzunlardan 24-25 nəfəri 600-dən yuxarı bal toplayır. 2016-cı ildə şəhər 5 nömrəli tam orta məktəbin məzunu Ağalətif Lətifov, bu il isə Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov qəbul imtahanlarında 700 bal toplayıblar.

Mərasimdə çıxış edənlər qazanılan uğurlardan, təhsilin inkişafı üçün bölgədə həyata keçirilən tədbirlərdən, şagirdlərin intellektual, bilik və idman yarışlarında, olimpiadalardakı nailiyyətlərindən söz açıblar.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məzunları təbrik edib, onlara müstəqil həyatda öz layiqli yerlərini tutmağı, əsl vətəndaş, kamil mütəxəssis olmağı, qəsəbənin, rayonun ehtiyac duyduğu ixtisaslara yiyələnməyi tövsiyə edib. Bildirib ki, ölkəmizdə hər bir şagird və gənc, hər bir Azərbaycan vətəndaşı dövlətin, Prezidentin qayğısı ilə əhatə olunub. Bu, hər bir məktəblini daha yaxşı oxumağa, ölkəni daha yaxşı tanımağa, milli-mənəvi dəyərləri qorumağa və zənginləşdirməyə, Azərbaycan dilini və tarixini dərindən öyrənməyə məsul edir.

Sonra icra hakimiyyətinin başçısı ən yüksək bal toplayan məzunu mükafatlandırıb.

Onbirincilər arzu və istəklərindən danışıb, birincilər şeir söyləyiblər.

Sonda məktəbin rəmzi açarı birincilərə təqdim edilib.

X X X

Şamaxı şəhər “Avropa” liseyində təşkil olunan son zəng mərasimində təhsil sahəsində qazanılan uğurlardan, bu sahəyə göstərilən dövlət qayğısından ətraflı danışılıb.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev mərasimdə məzunları təbrik edərək, iqtisadi cəhətdən güclənən dövlətimizdə yeni məktəb binalarının tikintisinə, əsaslı təmirinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə xüsusi fikir verildiyini bildirib.

Rayonda təhsil sahəsində görülən işlər barədə də ətraflı məlumat verilib.

Mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Sonda məktəblilərin ifasında şeir və mahnılar səsləndirilib, rəqslər ifa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.