MƏDƏNİYYƏT
Bölgələrdə turizmin daha da inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub
Bakı, 25 may, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında yerləşən turizm obyektləri və mehmanxanaların nümayəndələri ilə bir sıra turizm şirkətlərinin təmsilçiləri arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupunun üzvləri də iştirak ediblər. Nazirliyin turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov qrupun gördüyü işlərdən danışıb, Şəki-Balakən marşrutu üzrə müvafiq klasterlərin yaradılması məqsədilə aparılan monitorinqlər haqqında məlumat verib. O, turizm şirkətləri ilə otellər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirliyin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov rayonlarda turizmin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd edib ki, turizm müəssisələrində mədəni proqramların təşkil olunması, turizm şirkətləri ilə nazirliyin yerli şöbələri arasında əlaqələrin qurulması da mühüm məsələlərdəndir.
Tədbir Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi, xarici turistlərin ölkəyə cəlb olunması və turistlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məsələlərinin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə sıx əlaqələndirilməsi, turizm obyektləri və mehmanxanalar ilə turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, turizm xidmətlərinin təhlili və səviyyəsinin yüksəldilməsidir.