ELM VƏ TƏHSİL
Bölgələrdə və paytaxtda Bilik Fondunun mühazirələri davam edir
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətini ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir. Belə mühazirələrdən ikisi iyunun 7-də Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.
Fonddan AZƏRTAC-a bildirilib ki, Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı ölkə ərazisində keçirilən silsilə mühazirələrin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov tədbirdə iştirak edən Abşeron rayon ictimaiyyətinin nümayəndələri qarşısında “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib. Elçin Əhmədov deyib ki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət yürüdür. Həyata keçirilən qlobal tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb. Müasir dövrdə mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.
Vurğulanıb ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycan çox böyük uğurlara imza atıb, ölkəmizin dünya birliyində mövqeləri yüksəlib.
Abşeron rayonu Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdə isə toplantını Bilik Fondunun yerli nümayəndəsi Teyyubə Hüseynova açaraq Fondun dövlətçilik və milli maraqların təbliği istiqamətində həyata keçirilən layihələri barədə danışıb, bu mühazirələrin ideoloji və sosial maarifləndirmə işində əhəmiyyətini vurğulayıb. Sonra AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirəsi dinlənilib.
Naftalan Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə yerli İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilovun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xudiyevin mühazirələri təşkil olunub.
Səbail rayonundakı 51 nömrəli tam orta məktəbdə rayon sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətləri nümayəndələrinin iştirak etdikləri tədbirdə “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə deyib. Mühazirəçisi tarixi məqamlara da toxunaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sabitlik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə yol açılıb və bu yolun bu gün də uğurla davam etdirilməsi Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə şərait yaradıb.
İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, gələcəkdə Fond tərəfindən təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda, ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.