MƏDƏNİYYƏT
Bölgələrdə yay turizm mövsümündə turistlərə göstəriləcək mədəni xidmətlər müzakirə olunub
Bakı, 3 may, AZƏRTAC
Mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə mədəniyyət və turizm nazirinin əmrinə əsasən yaradılmış işçi qrupunun üzvləri bölgələrdə keçirilən görüşləri davam etdirirlər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərindən Namiq Qulamov, Pərviz İsgəndərli, Bəxtiyar Qılıncov və Seymur Həsənov Şamaxı, İsmayıllı və Şəki rayonlarında görüşlər keçiriblər.
Görüşlər turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılması məqsədilə təşkil olunub.
Görüşlərdə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının mədəniyyət və turizm şöbələrinin yay mövsümü ilə bağlı tədbirlər planında nəzərdə tutulan mədəni proqramların bu rayonlarda yerləşən turizm obyektlərində təşkil olunmasının razılaşdırılması və eyni zamanda turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə birlikdə mövsümə hazırlığı müzakirə olunub.
İşçi qrupunun görüşlərində yay turizm mövsümündə turistlərə mədəni xidmətlərin təqdim edilməsi istiqamətində müzakirələr aparılıb və yeni imkanlar araşdırılıb. Qrupun üzvləri mövcud vəziyyət, iş şəraiti və problemlərlə maraqlanıblar.