REGİONLAR
Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
Neftçala, 17 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 17-də səhər saatlarında Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salmaq üçün bura toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları yola düşməzdən əvvəl şəhərin Heydər Əliyev prospektində ağac və gül kolları əkiblər.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qrupun müşayiətçisi, rayon icra hakimiyyətinin işçisi Elnur Bağırov söhbət zamanı bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə altıncı dəfə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları - Neftçala rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Tur-aksiyanın digər iştirakçıları - şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdləri Tamara Kərimova, Laləzar Hüseynova və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.
Meydana toplaşanların xeyir-duası ilə avtobus Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində yola düşüb.