MƏDƏNİYYƏT
Bolotbek Şamşiyev: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir VİDEO
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan bu gün dinamik inkişaf edir. Bütün sahələrdə ciddi nailiyyətlər əldə edilmişdir.
Bu sözləri türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş qırğızıstanlı kinorejissor və ssenarist, SSRİ Xalq Artisti Bolotbek Şamşiyev AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, Bakıya hər dəfə gələndə böyük dəyişiklikləri görmək mümkündür. Şəhəriniz gündən-günə gözəlləşir, abadlıq işləri aparılır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Onu heç bir yerlə müqayisə etmək mümkün deyildir. Burada gözəl bir harmoniya vardır.
Bakının həm də türk dünyasının tarixi mərkəzlərindən biri olduğunu deyən görkəmli kinorejissor burada film çəkilməsi üçün ssenari də yazdığını diqqətə çatdırmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qırğızıstanda Manas dastanının 1000 illik yubileyində iştirak etdiyini xatırlayan kinorejissor Bolotbek Şamşiyev Ulu Öndərin onunla səmimi görüşündən danışmış, xatirələrini bölüşmüşdür.