SİYASƏT
Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinın üzvləri ilə görüşüb
Bakı, 30 iyun, AZƏRTAC
Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində Mərkəzin üzvləri ilə görüşüb. Dövlət başçısı Rosen Plevneliyev tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq bunu Azərbaycanın böyük uğuru kimi qiymətləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən Rosen Plevneliyev cari ilin aprelində Bakıda keçirilən III Qlobal Bakı Forumunun artıq dünyanın mühüm siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. Prezident Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısının Sofiyada keçirilməsini təklif edib.
Görüşdə birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda olan Mərkəzin üzvləri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Latviyanin sabiq Prezidenti Vayra Vike-Freyberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları iştirak ediblər.