ELM VƏ TƏHSİL
Bolqarıstan ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Bakı, 24 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ probleminin bolqar cəmiyyətində işıqlandırılması” mövzusunda tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska tədbirin əsas məqsədinin Azərbaycan həqiqətlərini Bolqarıstan cəmiyyətinə çatdırmaq olduğunu deyib. Qeyd edilib ki, bu yığıncaq da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin həmin problemin obyektiv işıqlandırılması istiqamətində keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir.
Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova iştirakçılara Qarabağın tarixi, onun Ermənistan tərəfindən işğalı, qaçqın və köçkün həmvətənlərimiz haqqında ətraflı məlumat verib.
Görüş çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Prezident İlham Əliyevin çıxışından Dağlıq Qarabağla bağlı hissə, “Ermənistan terrorizmi” və “Xocalı soyqırımı” sənədli filmlərindən parçalar nümayiş olunub, cəbhədəki son hadisələrlə bağlı məlumat verilib.
Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfirliyinin nümayəndəsi Mahir Cəfərov iştirak edib.
Sonda Sofiya Universitetinin müəllim və tələbələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.