İQTİSADİYYAT


Bolqarıstan iş adamları Azərbaycanda sənaye parkları və aqroparklara investisiya yatıra bilərlər

Bakı, 1 iyul, AZƏRTAC

Bolqarıstan iş adamları Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parkları və aqroparklara investisiya yatıra bilərlər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstan Parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Görüşdə nazir Şahin Mustafayev dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir. Ötən il keçirilmiş Azərbaycan-Bolqarıstan biznes-forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayıb. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir.

Görüşdə, həmçinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Nazir Şahin Mustafayev Azərbaycanın əlverişli biznes və investisiya mühitini qeyd edərək, iqtisadi əlaqələrin inkişafı, xüsusilə energetika, təhsil, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bolqarıstan iş adamları iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatıra bilərlər. Qeyd edilib ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir. Bolqarıstan Azərbaycanın tranzit imkanlarından yararlana bilər.

Bolqarıstan Parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanova Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Bolqarıstanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.