SİYASƏT
Bolqarıstanda 28 May – Respublika Günü yüksək səviyyədə keçirilib
Sofiya, 29 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyanın “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil olunub.
Tədbirdə 400 nəfər qonaq iştirak edib. İştirakçılar arasında Bolqarıstan Parlament sədrinin müavini A.O.İmamov, Konstitusiya Məhkəməsinin sədri D.Tokuşev, Dövlət Mühafizə Xidmətinin rəhbəri, general leytenant A.Antonov, Milli Kəşfiyyat Xidmətinin rəhbəri D.Dimitrov, Sofiya vilayətinin rəhbəri R.Todorova, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin yüksək vəzifəli nümayəndələri, Bolqarıstanın Ali Kassasiya Məhkəməsinin rəhbərləri və hakimləri, Bolqarıstan müsəlmanlarının Baş müftisi M.A.Xadjı, Xalq Məclisinin məsul işçiləri, müxtəlif siyasi partiyaların nümayəndələri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-in rəhbərləri və nümayəndələri, tanınmış iş adamları, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan Azərbaycan, türk tələbələri, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olub.
Qəbulda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar tədbirin keçirildiyi zal “Bakı-2015”in loqosu ilə bəzədilib, tədbirdə iştirak edən qonaqlara Bolqarıstanda hazırlanmış və Avropa Oyunlarına həsr olunmuş müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edilib.
Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub, habelə ölkəmizlə bağlı müxtəlif sənədli filmlər nümayiş etdirilib, Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya