SİYASƏT
Bolqarıstanda Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd edilib VİDEO
Sofiya, 27 noyabr, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbirdə Bolqarıstan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, müxtəlif nazirliklərin, özəl qurumların, siyasi partiyaların təmsilçiləri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, tanınmış iş adamları, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Bolqarıstanın dövlət himlərini səsləndirilib.
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov çıxış edərək iştirakçılara Naxçıvan Muxtar Respublikasının tarixi barədə məlumat verib.
Bolqarıstanda səfərdə olan Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin rəhbəri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov ölkələrimiz arasında ənənəvi sıx dostluq əlaqələrindən danışıb. O, Naxçıvan Muxtar Respublikasının 90 illiyinin məhz Sofiya şəhərində qeyd olunmasından məmnunluğunu bildirib. V.Səfərov Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, o cümlədən dünyada ən qədim və gözəl şəhərlərdən biri olan Naxçıvan şəhəri barədə məlumat verib.
Rəsmi qəbulda qonaqlara Naxçıvan Muxtar Respublikasının mətbəxinin nümunələri təqdim edilib, Muxtar Respublika ilə bağlı film göstərilib, həmçinin Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib.
Sonda qonaqlara Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş, Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bolqar və ingilis dillərində nəşr olunmuş broşürlər, o cümlədən Muxtar Respublikaya aid digər nəşrlər və milli suvenirlər təqdim edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya