SİYASƏT


Bolqarıstanın “Standart” qəzetində Azərbaycanın tarixi ilə bağlı məqalə dərc olunub

A+ A

Sofiya, 1 noyabr, AZƏRTAC

Bolqarıstanın nüfuzlu “Standart” qəzetində bu ölkənin mədəniyyət nazirinin müşaviri, tanınmış arxeoloq Nikolay Ovçarovun məqaləsi dərc olunub. Oktyabrın 17-18-də Azərbaycanda səfərdə olmuş müəllif məqalənin əvvəlində təəssüratlarını oxucularla bölüşür.

N.Ovçarov xatırladır ki, sentyabrın 22-də - Bolqarıstanın müstəqillik günündə bu ölkənin qədim paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti şəhərə səfər edib. Yazıda nümayəndə heyətinin Bolqarıstanın Baş naziri və Veliko Tırnovo şəhərinin meri başda olmaqla yüksək səviyyəli rəsmilər tərəfindən qarşılandığı vurğulanır. N.Ovçarov Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Slavyan Universitetində “Bolqarıstan möcüzələri” kampaniyasının təqdim edilməsi məqsədilə qəzetin baş redaktoru S.Bozukovanın Azərbaycana səfər təklifini məmnuniyyətlə qəbul etdiyini bildirir. Məqalədə universitetin rektoru Nurlana Əliyevanın və bolqar dilini öyrənən tələbələrin iştirakı ilə təqdimatın oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə təşkil edilməsi, Bolqarıstanın milli geyimlərində olan azərbaycanlı qızların rəqsi, səfər çərçivəsində keçirilən görüşlər, xüsusilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilə görüş barədə məlumat verilir.

Müəllif məqalədə Azərbaycanın tarixindən ətraflı söhbət açır. O yazır ki, Qafqazda, Xəzər dənizinin sahillərində yerləşən ölkə əlverişli coğrafi mövqeyə malikdir, burada mədəni həyatın izləri çox qədimdir. E.ə. I minillikdə burada Manna, İskim, Qafqaz Albaniyası və Atropatena kimi güclü dövlətlərin mövcud olduğunu qeyd edən müəllif həmin dövlətlərin vahid xalqın formalaşmasında mühüm rolunu vurğulayır.

Məqalədə Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında da ətraflı məlumat verilir. XV əsrin sonunda Azərbaycan tarixində yeni eranın başladığını yazan arxeoloq qeyd edir ki, Şah İsmayıl ölkənin şimal və cənub ərazilərini birləşdirməyə nail olur və Səfəvilər dövlətinin əsasını qoyur.

Müəllif Azərbaycan tarixinin xanlıqlar dövrü, Cənubi Qafqazın bölünməsi uğrunda müharibələr, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, süqutu haqqında da söhbət açır.

Məqalədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyi, lakin müstəqilliyin ilk illərinin ölkə üçün gərgin keçdiyi, ölkəni belə vəziyyətdən Azərbaycanın tarixində mühüm rolu olan ümummilli lider Heydər Əliyevin çıxardığı diqqətə çatdırılır. Müəllif yazır: “Azərbaycanın bu uzun və hadisələrlə zəngin tarixi güclü təəssürat doğurmaya bilmir”.

Sonda müəllif Azərbaycan gənclərini Bolqarıstanda aparılan arxeoloji qazıntılarda iştiraka dəvət edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.