MƏDƏNİYYƏT
Bolqarıstanın “Standart” qəzetində Bakının turizm potensialı barədə məqalə dərc edilib
Sofiya, 7 sentyabr, AZƏRTAC
Bolqarıstanın nüfuzlu nəşri sayılan “Standart” qəzetində “Sehrli Bakı” adlı məqalə dərc edilib. Bakının turizm imkanlarını əks etdirən məqalədə tarix boyu Şərq və Qərbi birləşdirən paytaxtın, eləcə də onun nadir mədəni irsinin və dinamik həyat tərzinin bu gün bütün səyyahları valeh etdiyi diqqətə çatdırılır. Bakıya səyahət edən hər bir şəxsin “1001 gecə”nin nemətlərindən və keyfiyyətli Avropa səviyyəli xidmətlərindən məmnun qaldığı vurğulanır. Qeyri-adi memarlığı ilə seçilən Bakının keçmiş Sovet İttifaqının ən böyük şəhərlərindən biri olduğu, onun Xəzər dənizinin sahilində yerləşdiyi bildirilir. Şəhərdəki “Alov qüllələri”nin Bakının istənilən qonağını öz qeyri-adiliyi, gözəlliyi və möhtəşəmliyi ilə valeh etdiyi, qədim tarixə malik Qız Qalasının görünüşünün xüsusi diqqət çəkdiyi, onun üzərindən sahil boyu 25 kilometr uzunluğunda olan mərkəzi prospektə gözəl mənzərə açıldığı vurğulanır. Müəllif qədim İçərişəhərin peşəsindən, yaşından, hansı ölkədən gəlməsindən asılı olmayaraq bütün qonaqlar üçün maraq kəsb etdiyini, Şirvanşahlar sarayının Azərbaycan memarlığının ən nəhəng abidələrindən olduğunu, məşhur memar Zaha Hadidin layihəsi olan, müasir memarlıq mirvarisi hesab edilən Heydər Əliyev Mərkəzinin şəhərin gözəlliyini artırdığını, xarici qonaqların Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya edərək eksponatlara maraqla baxdıqlarını diqqətə çatdırır. Məqalədə, həmçinin Azərbaycanın milli mətbəxinə yer ayrılır. Küftə, düşbərə, paxlava və digər dadlı nemətləri daddıqdan sonra Şərqdə digər mətbəx nümunələrini dequstasiya etməyə ehtiyacın olmadığı qeyd edilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya