REGİONLAR
Bolqarıstanın vitse-prezidenti Gəncəyə səfər edib
Gəncə, 29 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmək üçün Azərbaycanda olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova və rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağa şəhər haqqında ətraflı məlumat verib.
Marqarita Popovanın Gəncə şəhərinə səfəri “Heydər Əliyev Park Kompleksi” ilə tanışlıqla başlayıb. Bolqarıstanın vitse-prezidenti parkda əhalinin istirahəti üçün yaradılan şəraitlə tanış olub. Daha sonra Heydər Əliyevin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən stendlərə baxıb.
Xoş təəssüratlarını mərkəzin xatirə kitabına yazan Marqarita Popova şəhərlə tanışlıq imkanı da əldə edib. Qonaq Məhsəti Mərkəzi, Gəncəçay Park-Bulvar Kompleksi, Nizami Gəncəvi Məqbərəsi və Nizami Gəncəvi Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə yaxından tanış olub. Bolqarıstanın vitse-prezidenti, həmçinin “ASAN xidmət”in fəaliyyəti ilə də maraqlanıb.
Gəncəyə səfərinin onda xoş təəssürat oyatdığını vurğulayan Marqarita Popova deyib: “Biz Azərbaycanın qədim mədəni köklərini özündə birləşdirən Nizami yurdundayıq. Gəncə bu il üçün Avropanın Gənclər Paytaxtı seçilib, gələn il üçün isə Bolqarıstanın paytaxtı Avropa gənclərinin mərkəz şəhəri olacaq. Yəni, bu estafet Gəncədən bizə ötürüləcək. Bu baxımdan mənim Azərbaycanda, xüsusilə də Gəncədə olmağım qürurvericidir. Burada ən çox xoşuma gələn xalqınızın qonaqpərvər olmasıdır ki, biz də bundan çox məmnunuq".