DÜNYA
Boquslav Sobotka vahid Avropa ordusunun tərəfdarıdır
Praqa, 22 avqust, AZƏRTAC
Çexiyanın baş naziri Boquslav Sobotkanın fikrincə, əgər Avropa İttifaqı öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyirsə, onda vahid Avropa ordusu yaradılması zəruridir.
Çexiya hökumətinin başçısı bu barədə bazar ertəsi, Çexiya səfirləri ilə növbəti görüşündə məlumat verib. O deyib: “Ümidvaram ki, Avropa Şurasının payızda bu məsələyə dair danışıqları konkret öhdəliklər və təkliflər müəyyən edilməsi ilə başa çatacaq”.
Ölkə Prezidenti Miloş Zeman daha əvvəl buna oxşar fikir söyləyib. Vahid silahlı qüvvələr ideyasının əleyhdarları yeni qurumun yaradılmasını çıxış yolu hesab etmir və bildirirlər ki, NATO üzvü olan Avropa ölkələri üçün ən yaxşı qərar müdafiə xərcləri üçün müntəzəm ödənişlər edilməsidir. NATO-nun hərbi komitəsinin rəisi Pyotr Pavel də bu ideyanı tənqid edərək onu utopiya adlandırıb. Onun fikrincə, ayrı-ayrı dövlətlərin bu məsələyə yanaşmaları fərqli olduğundan belə bir qurumun təşkil edilməsi və fəaliyyəti qeyri-mümkündür.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa