QAN YADDAŞI
Bosniya və Herseqovina mətbuatı Xocalı soyqırımından yazır
Sarayevo, 28 fevral, AZƏRTAC
Bosniya və Herseqovinanın bir sıra media resurslarında Xocalı soyqırımı ilə bağlı yazılar dərc olunub. akos.ba və sarajevograd.ba informasiya portallarında yerləşdirilmiş yazılarda əsasən Beynəlxalq Sarayevo Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirindən və fotosərgidən bəhs olunur, Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyimizin müşaviri İsmayıl Cəfərovun fikirlərinə yer verilir.
Məqalələrdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən dağıdıldığı, 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü vurğulanır. Qeyd olunur ki, Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisəsi kimi tarixə düşüb.
“Politicki meridijan” xəbər saytında yer alan “Xocalı soyqırımının ağrısı 23 il sonra belə dinmir” sərlövhəli digər bir yazıda isə bildirilir ki, Xocalıda yaşanan qırğından xilas ola bilmiş bu şəhərin sakinləri uzun illər keçsə belə həmin dəhşətli gecənin ağrısı ilə yaşayırlar. Yazıda qəsbkar ermənilərin hücumu nəticəsində həyat yoldaşını, anasını və iki bacısını itirmiş Xocalı sakini 52 yaşlı Səidə Ələkbərovanın fikirləri də yer alıb: “Həmin gecə günahsız insanların bu dəhşətdən xilas olmaq üçün necə çırpındığını sözlərlə ifadə etmək mümkün deyil. Xocalıya yenidən qayıtmaq istəyirik. Əzizlərimizi geri gətirmək mümkün deyil, ancaq biz doğma yurdumuza qovuşsaq, yaxınlarımızın ruhu rahatlıq tapacaq”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo