SİYASƏT


Bosniya və Herseqovinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı təşkil edilib

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı işə başlayıb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Beşinci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan görüşdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Mladen İvaniç, Draqan Çoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və təşkilatın digər üzvləri iştirak ediblər.

Toplantının açılışında Mladen İvaniç, Petar Stoyanov, Nazim İbrahimov və İsmail Serageldin çıxış ediblər. “Avropada sülh: Möhkəm birliyə necə nail olmaq olar” mövzusu çərçivəsində müzakirələr aparılıb. Bosniya və Herseqovina, eləcə də Balkanlar üçün Avropanın gələcəyi, qitənin yeni xəritəsi, Avropada multikulturalizmi bərpa etməyin yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Nazim İbrahimov Azərbaycanın multikulturalizm və uzun illərə söykənən dinlərarası tolerantlıq təcrübəsindən danışıb. Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğunu xatırladan Nazim İbrahimov 25 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizinin işğal altında qaldığını diqqətə çatdırıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Dövlət Komitəsinin sədri Mərkəzin yarandığı 5 il ərzində artıq 4 qlobal forum keçirdiyini qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın fəaliyyətini dəstəklədiyini vurğulayıb.

2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri toplantı çərçivəsində geniş müzakirə ediləcək, forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdiriləcək, növbəti hazırlıq iclaslarının yeri və vaxtı dəqiqləşdiriləcək.

Ali səviyyəli toplantı işini noyabrın 23-də davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.