ELM VƏ TƏHSİL
Botanika İnstitutunda məktəblilərə Azərbaycanın nadir bitkiləri haqqında məlumat verilib
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri üçün maarifləndirici seminar keçirilib.
Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Naibə Mehdiyeva şagirdlərə respublikamızın endem, nadir bitkiləri və Azərbaycanın Qırmızı Kitabının I və II nəşrləri haqqında məlumat verib. Bildirilib ki, 1989-cu ildə çap olunan I nəşrə 140 növ ali bitkilər daxil edilib, II nəşrə isə daxil edilən 300 növdən 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə (6 yosun, 13 şibyə, 1 mamır), 14-ü göbələk növlərinə aiddir.
Laboratoriyanın elmi işçisi Nigar Mürsəlqızı Qırmızı Kitabdan istifadə qaydalarını izah edib, nəşrə daxil edilmiş bitkilərin IUCN-ə (Təbiət Mühafizəsinin Beynəlxalq Birliyi) əsasən hansı kateqoriyaya, milli və regional statusa aid olması, yayılması, bioloji, ekoloji, fitosenoloji, faydalı xüsusiyyətləri və s. barədə məlumat verib.
“Xarı bülbül”, “Xəzər zəfəranı”, “Hirkan ənciri”, Hirkan armudu” və digər bitkilər haqqında müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Şagirdlər Herbari Fondu, həmçinin Botanika muzeyində nümayiş olunan Hirkan meşələrinin on klassik relikt ağac növü haqqında məlumatı əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və Azərbaycanın landşaftı, florası, faunası haqqında məlumatları əks etdirən interaktiv xəritə ilə tanış olublar.