ELM VƏ TƏHSİL
Botanika İnstitutunun gənc əməkdaşları Beynəlxalq yay məktəbində iştirak ediblər
Botanika İnstitutunun elmi informasiya və innovasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 7-ci ERA-WIDE Çərçivə Proqramı üzrə BİOPARTNER layihə qrupu tərəfindən təşkil olunmuş yay məktəbi “Qida məhsullarında sağlamlığı təmin edən komponentlərin gücləndirilməsi” mövzusuna həsr olunub.
Burada keçirilən müvafiq seminarda Aynurə Cəfərova “Azərbaycanda deqredasiya olmuş kənd təsərrüfatı torpaqlarının davamlı inkişafı üçün bitki növlərinin seçilməsi”, Xatirə Səmədova “Kür-Araz ovalığının azməhsuldar torpaqlarının fitobərpası üçün bəzi bitkilərin potensialı”, Xanım Həsənova “Eremerus spectabilis Bieb növünün mühafizəsi üçün bioloji yanaşmalar” mövzularında çıxış ediblər.
Seminarda ərzaq təhlükəsizliyi və mühafizəsi, ərzaq istehsalı və keyfiyyətinə nəzarət, ərzaq və qida əlavələrində bioloji fəal birləşmələr və s. kimi mövzulara həsr edilmiş mühazirələr də dinlənilib.
Qafqaz və Avropanın tanınmış alimləri öz bilik və təcrübələrini bölüşüblər. Gənc alimlərə, həmçinin qida texnologiyası sahəsində əldə etdikləri tədqiqat nəticələrini təcrübəli tədqiqatçılarla müzakirə etmək, gələcəkdə elmi tədqiqatlarını genişləndirmək üçün əlaqələr qurmaq, 7-ci Çərçivə Proqramı da daxil olmaqla, müxtəlif elmi proqram və fəaliyyətlərdə iştirak etmək kimi geniş imkanlar yaradılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.