ELM VƏ TƏHSİL
Botanika İnstitutunun veb-saytı yeni versiyada təqdim olunub
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun veb-saytının yeni versiyası hazırlanıb.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova AZƏRTAC-a bildirib ki, “www.botany.az” veb-saytının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırlandığını deyib. Bildirib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan saytın ana səhifəsi “İnstitut haqqında”, “Elmi fəaliyyət”, “Herbari fondu”, “Alim və mütəxəssislər”, “Şuralar”, “Muzey”, “Elmi nəşrlər” və “Qalereya” bölmələrindən ibarətdir. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur.
Veb-saytda institut əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların yerləşdirilməsi Azərbaycanda botanika elmi sahəsində əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasında mühüm rol oynayır.
“www.botany.az” saytının təhlükəsizliyi tam şəkildə təmin olunur və sayt AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirilib. Botanika İnstitutunun Avropa Virtual Məlumat Bazasına daxil edilmiş dəyərli herbari nüsxələri haqqında məlumat və şəkillər ilə veb-saytın “Herbari Fondu” bölməsində tanış olmaq mümkündür. Sayt geniş axtarış imkanlarına malikdir.