ELM VƏ TƏHSİL
“Botaş International Limited” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) bu ali Məktəbin rektoru Elmar Qasımov ilə Türkiyənin “Botaş International Limited” (“BIL”) şirkətinin prezidenti Erdoğan Tozan, maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə şirkət haqqında məlumat verilib, fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki dövlət arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin qurulduğunu bildirib.
Rektor BANM-in tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiklərini bildirib, belə bir imkanın “Botaş” tərəfindən yaradılması potensialının araşdırılmasını təklif edib. Vurğulanıb ki, bu cür təlimlər tələbələrin inkişafına xidmət edəcək.
E.Tozan təklifə müsbət yanaşdıqlarını, bu məsələnin həlli istiqamətində dəstək göstərəcəklərini bildirib.
“Botaş International Limited” şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə “BOTAŞ” tərəfindən yaradılıb. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət, eyni zamanda, TANAP layihəsində də iştirak edir.