MƏDƏNİYYƏT
“Boy çiçəyi”nin yeni səhnə həyatı maraqla qarşılanıb
Bakı, 10 mart, Ceyhun Alışlı, AZƏRTAC
Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya Sən həmişə mənimləsən” tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişindən əvvəl Milli Teatr Günü münasibətilə təşkil edilən tədbirdə Xalq Artisti Hacı İsmayılov milli teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb.
Vurğulanıb ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrı çox şərəfli yol keçib. O, ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyor məktəbinin formalaşmasından söz açıb.
Milli Teatr Gününün silsilə tədbirlərlə qeyd edildiyini söyləyən H.İsmayılov dövlətin teatr xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra tamaşa təqdim olunub.
Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir.
Səhnə əsərində rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa ediblər.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.