MƏDƏNİYYƏT
Böyük Azərbaycan musiqiçisi Müslüm Maqomayevin xatirəsi onun yaradıcılığının pərəstişkarlarının qəlbində əbədi yaşayacaq
Bakı, 17 avqust (AZƏRTAC). Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Anma mərasimində Xalq Artisti Eldar Quliyev böyük musiqiçi Müslüm Maqomayevin şərəfli ömür yolundan və bənzərsiz zəngin yaradıcılığından söz açıb. O, qeyd edib ki, böyük istedad sahibi olan M.Maqomayev mənalı həyat və sənət yolu keçib.
E.Quliyev deyib: “Müslüm yaxşı dost və gözəl insan idi. Vətəni Azərbaycanı çox sevirdi. “Əlvida, Bakı” mahnısını öz sevimli şəhərinə həsr etmişdi”.
Anma mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Müslüm Maqomayevin bənzərsiz və zəngin yaradıcılığından, fitri istedadından danışıblar.
Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya tədbirin iştirakçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, Müslüm Maqomayevin xatirəsi böyük musiqiçinin pərəstişkarlarının qəlbində əbədi yaşayacaq.