ELM VƏ TƏHSİL
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi elmi konfransla qeyd ediləcək
Bakı, 6 iyun, AZƏRTAC
Oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV respublika elmi konfransı keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamı çərçivəsində reallaşacaq.
Konfransda görkəmli söz ustadı, ictimai xadim M. P.Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti ilə bağlı yeni tədqiqat işləri təqdim olunacaq.