ELM VƏ TƏHSİL


Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubiley tədbirləri davam edir

Bakı, 31 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə ki, şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, konfranslar, mühazirə və “dəyirmi masa”lar, bədii qiraət və rəsm müsabiqələri təşkil edilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan şairinin 300 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsinin əsas məqsədi Vaqif irsini daha dərindən araşdırıb öyrənmək, onun yaradıcılığındakı humanist dəyərləri, bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermək, Azərbaycan şerinin M.P.Vaqifin sayəsində tarixin növbəti mərhələsinə qədəm qoymasını bir daha diqqətə çatdırmaqdır.

Tədbirlərdə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamı, şairin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı rolu, sənətkarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib. Bildirilib ki, qüdrətli söz ustası M.P.Vaqifin yubileyi respublikamızın hər yerində, o cümlədən bütün türk dünyasında böyük təntənə ilə qeyd olunur. Bütün bu tədbirlər şairə olan böyük sevginin təzahürüdür.

Tədbirlərdə şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, səhnəciklər, musiqi nömrələri nümayiş olunub, M.P.Vaqifin şerləri ifa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.