İQTİSADİYYAT
“Böyük Bakının Regional İnkişaf Planı” şəhərin inkişafı üçün böyük bir proqnoz və strateji sənəddir
Bakı, 2 avqust, Ramiz Quliyev, AZƏRTAC
“Böyük Bakının Regional İnkişaf Planı” 2035-ci ilədək dövrü əhatə edəcək. Layihə üzrə aparılan işlər artıq başa çatıb. Şəhərin baş planında onun sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini tapıbmı?
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsində bu məsələyə aydınlıq gətirərək bildirib ki, bir neçə ay bundan əvvəl “Böyük Bakının Regional İnkişaf Planı” müzakirə edilərək ictimaiyyət tərəfindən müsbət qəbul olunub. Hazırda isə layihə Nazirlər Kabineti tərəfindən təsdiqlənmək ərəfəsindədir.
Onun sözlərinə görə, Baş Planın əsas vəzifəsi şəhərin gələcək inkişaf istiqamətini müəyyənləşdirməkdən ibarətdir: “Bu, şəhərin inkişafı üçün böyük bir proqnozdur və strateji sənəddir”.
E.Qasımzadə qeyd edib ki, “Böyük Bakının Regional İnkişaf Planı”nda ilk növbədə müzakirə olunan əsas məsələ paytaxtın sosial–iqtisadi inkişafıdır: “Təbii ki, şəhər inkişaf etdikcə, əhalisi də artır. Azərbaycanda başqa ölkələrlə müqayisədə əhali artımı intensivdir. Odur ki, ölkə əhalisinin bütün sosial sahələrlə təmin etmək problemi var. Planda bu məsələlər öz əksini tapıb və şəhərin mühəndis infrastrukturunun da inkişafı nəzərdə tutulur”.
Planın müzakirəsində Memarlar İttifaqının fəal iştirak etdiyini və qurumun tanınmış mütəxəssislərinin layihə ilə bağlı öz fikirlərini bildirdiklərini deyən E.Qasımzadə vurğulayıb ki, Azərbaycan Memarlar İttifaqı tərəfindən qədim məhəllələrin gələcəyi haqqında maraqlı bir təklif hazırlanıb və dövlət başçısına təqdim edilib. Hazırda müzakirə olunur.